• 1

    Əlif. Ləm. Mim.

  • 2

    Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur.

  • 3

    O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi –

  • 4

    daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

  • 5

    Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

  • 6

    Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

  • 7

    Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

  • 8

    Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

  • 9

    Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

  • 10

    Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

  • 11

    Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.